Yeyənkənd ərazisində payızlıq kələm yığımına hazırlıq görülür
Yeyənkənd kəndində fermerlər cari ilin sentyabr ayında 1,3 hektar sahədə payızlıq kələm əkmişdir. Əkinə lazımi qaydada aqrotexniki qulluq və vaxtında becərmələr aparıldığından bol kələm məhsul əldə olunmuşdur. Fermerin söylədiyi kimi kələmin canı suda və becərmədədir.
Masallı RİHB-nın Yeyənkənd kənd inzibati ərazii dairəsi üzrə nümayəndəsi Barat Nağıyevin verdiyi məlumata görə Şəhriyar yaxın günlərdə əkib becərdiyi payızlıq kələmi yerli bazara çıxaracaq.
Qeyd edək ki, Masallı camaatı bu məhsulun yetişdirilməsində zəngin təcrübəyə malikdirlər.
Son bir neçə ildə Masallı rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər kələm əkininə maraq göstərməyə başlayıb. Torpaq sahiblərinin sözlərinə görə bu sahəyə marağın artması onun becərilmə şərtlərinin sərfəli və məhsula çəkiləcək xərclərin az olması ilə əlaqədardır. Belə ki, əgər yerli sakinlər, çiyələk, kartof kimi digər kənd təsərrüfatı bitkilərinin toxumunu baha qiymətə xaricdən alırlarsa, kələm əkinində bu kimi problemlərlə qarşılaşmırlar. Əməkçilər elə bu üstünlüklərinə görə bir neçə ildir ki, şəxsi təsərrüfatında kələm becərməyə başlayıb. Onların sözlərinə görə kələmin becərilməsində mineral gübrələrdən də demək olar ki, istifadə olunmur. Sadəcə bitkidə zərərvericlər müşahidə olunan zaman həftə ərzində bir dəfə dərman vurulur. Ümumiyyətlə isə kələm digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə çox nadir hallarda xəstəliklərə yoluxur.