Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəbliləri üçün “Sağlam məktəbli, davamlı təhsil!” onlayn layihəsi

30 noyabr 2020 | 16:00

Masallı rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə qalib olmuş “Sağlam məktəbli, davamlı təhsil!” layihəsi həyata keçirilib.

Ümumilikdə 135 nəfərin iştirakı ilə keçirilən onlayn layihənin məqsədi məktəblilər üçün distant formada sağlamlığı təşviq edən təlimlər keçirmək və onların sağlam olaraq davamlı təhsildə iştirakına töhfə verməkdir.

Distant təlimləri giriş sözü ilə açan layihə rəhbəri Nərgiz Muxtarova layihənin donoru, məqsəd və gedişatı haqqında məlumat verib.

Daha sonra distant təlimdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov layihənin ideyasının uğurlu olduğunu, hazırda COVİD-19 pandemiyası dönəmində bu cür layihələrin keçirilməsinin şagirdlərdə ruh yüksəkliyi yaratdığını və onların bu kimi viruslardan qorunmasına dəstək olduğunu bildirib.

Layihənin eksperti Nemət Əliyev məktəblilərin sağlam mühitdə təhsil alması üçün yaradılan imkanlardan bəhs edib, layihə çərçivəsində məktəblilər üçün çap edilən bukletlərdə olan məlumatların şagirdlər üçün faydalı olacağını vurğulayıb.

Layihənin təlimçisi Rafət Şirəliyev şagirdlərə su, sanitariya və gigiyena ilə bağlı qaydaları, məktəblərdə və digər yerlərdə bu qaydalara əməl etməyi, həmçinin təlimdə sağlam mühitin yaradılması üçün şagirdlərin rolu, məktəb və valideyn birliyi, davamlı təhsilin aparılması ilə bağlı mövzular üzrə distant təlimlər keçib.

Layihədə Masallı şəhər 1, 3, 4, 6 saylı, rayonun Mahmudavar və Şərəfə kənd tam orta məktəblərinin şagird və müəllimləri iştirak edib.

Keçidlər