Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktiki konfrans
– Azərbaycan xalqının tarixə bəxş etdiyi simalar içərisində Heydər Əliyev həmişə zirvədə dayanır. Respublikamıza rəhbərlik etdiyi 30 ildən artıq müddətdə bizi dünyanın iqtisadi və siyasi arenasında həm tanıtdırdı, həm də layiqincə təmsil etdi. Heydər Əliyev Azərbaycanın ümumi inkişafının memarıdır. 11 illik ayrılıq cismani ayrılıqdır – Heydər Əliyev bu gün də bizimlə bir sırada, bizim qəlbimizdədir. Heydər Əliyev hər bir azərbaycanlının vücudunda maddiləşib. Onun müəyyən etdiyi yolla gedən ölkəmiz gündən-günə çiçəklənir, tərəqqi edir. Bizi inkişafa aparan Heydər Əliyev kursudur. Çox fərəhlidir ki, onun siyasət məktəbindən kamil dərs almış İlham Əliyev cənabları da bu kursu eyni templə davam etdirir, Azərbaycanı işıqlı sabaha aparır. – Heydər Əliyevin anım günündə rayon rəhbəri Rafil Hüseynovun səsləndirdiyi giriş sözü bizi bir daha ötən günlərə qaytardı. Xalqın arxa-dayağı olan ulu öndəri yenə də ön sırada hiss etdik. RİH başçısı nikbinliklə dedi: – Bizi yalnız zaman ayırır...
İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan elmi-praktik konfrans dahi rəhbərin adını daşıyan Mərkəzdə həyata keçirildi. Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş və əhatəli məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxışlarda YAP-ın veteranı, Prezident təqaüdçüsü Şirvan Əbilov, H.Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Təzə Alvadı kənd uşaq bağçasının müdiri Göyçək Ələsgərova, müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası rayon təşkilatının sədri, istefada olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan və azərbaycançılıq yolundakı misilsiz xidmətlərindən danışdılar.