MASALLIDA TÜTÜN TƏDARÜKÜ DAVAM EDİR
Ölkəmizdə aqrar bölmənin ənənəvi təsərrüfat sahələrindən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı fermerlərinin də tütünçülüyə marağının artmasına səbəb olub.
Rayonda gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini verməkdədir. Bu il rayonda tütün əkini sahələri 16 hektar artırılaraq 51 hektara çatdırılıb.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək qəbul məntəqələrinə 63,2 ton tütün təhvil veriblər.
Qeyd edək ki, ötən il Masallı rayonunda 35 hektar sahədən 57,2 ton quru tütün tədarük olunub.