Masallıda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı videomüşavirə
11 dekabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə rayonda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı onlayn müşavirə keçirilib.
Onlayn tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, idarə — müəsissə rəhbərləri, hüquq-mühafizə orqanları, bələdiyyə sədrləri, məktəb direktorları, müavinləri və aidiyyəti qurumların rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Videomüşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Vətən uğrunda həlak olan bütün şəhidləri bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Sonra müşavirədə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov geniş nitqində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edildiyini, bu yolda qanlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirib.
O, çıxışında daha sonra müşavirə iştirakçılarının diqqətini koronavirus (COVID-19) infeksiyasının fəsadların minimuma endirilməsi istiqamətində görülən tədbirlərə yönəldərək ərazi icra nümayəndələrini, bələdiyyə sədrlərini və aidiyyatı qurumların rəhbərlərini xüsusi karantin rejimi müddətində öz fəaliyyətlərini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun qurmağa çağırıb.
İcra başçısı geniş tərkibli videomüşavirədə bu sahədə nöqsanlara yol verən Masallı şəhər, Boradigah, Ərkivan qəısəbə, Mahmudavar, Bədəlan, Təklə, Həsənli, Hişkədərə, Türkoba, Çaxırlı, Xırmandalı, Qarğalıq, Səmidxan, Təzəkənd, Köhnə Alvadı, Sığdaş, Kolatan, Musaküçə, Yeddioymaq kənd inzibati ərazi nümayəndələrinin yarıtmaz iş üslubu barəsində onların nəzərinə çatdırıldı. - Dövlətinə, xalqına xidmət edən məsul şəxs nöqsanlara göz yummamalıdır...- deyə rayon rəhbəri bir daha tədbir iştirakçılarına, rayon fəallarına xəbərdarlıq edib.
Şəhər və kənd ərazilərində sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasının vacibliyini vurğulayan icra başçısı müşavirə iştirakçılarına yaradılmış mobil və işçi qruplar tərəfindən əhalinin qoruyucu tibbi maskalar, şəxsi dezinfeksiya və mühafizə vasitələri ilə mütləq qaydada istifadəsinə dair təlimatlandırmasını, adamların yas yerlərində məhdud çərçivədə iştirakından ötrü təbliğat işlərinin davam etdirilməsini tapşırıb.
İcra başçısı, həmçinin rayonda yaşı 65-dən yuxarı insanların, eyni zamanda digər kateqoriyadan olan və tənha yaşayan, sosial qayğıya ehtiyac duyan şəxslərin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini də xüsusi qeyd edib.
Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov və Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, xüsusi karantin rejimini pozanlar vətəndaşlar barədə ciddi tədbirlərin görüldüyünü və bundan sonra görüləcəyini bildirdilər.
Müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov kənd təsərrüfatı işlərinin gedişi, abadlıq, təhsil, proqnozlaşdırıldığından artıq yay şumunun vurilması, kommunal xidməti, eletrik enerjisindən və qazdan istifadə, «DOST» Mərkəzinin fəaliyyəti və s. məsələləri gündəmə gətirib, tövsiyələr edib.
Sonda Masallı RİH başçısı Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıqlarını verdi.