İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI
Masallı rayonu Vətən müharibəsinin ilk günlərindən, qismən səfərbərlik elan edilən kimi öz cəsur övladlarını cəbhəyə göndərdi. Onlardan şəhid olanlar da var, qazi olanlar da. Yaralılar Allahın köməyi, dövlətimizin qayğısı, həkimlərimizin səyi ilə sağalır, şəfa tapırlar. Şəhidlərimiz isə cismən aramızda olmasalar da, ruhən bizimlədirlər.
Vətənimizin azadlığı üçün hər birimiz bu yolda canını əsirgəməyən, ölümü gözünün önünə alan, düşmənin gözlərinə dik baxan bu igidlərə borcluyuq. Əsgər və zabit analarının önündə baş əyirik. Vətənə layiqli övladlar böyütmüş şəhid valideynlərinin əllərindən öpürük.
İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində anadan olmuş, burada dünyaya göz açmış, burada böyümüş, orta təhsil almışdır. İntiqam məktəbdə xüsusən riyaziyyat fənnini yaxşı bilməsi ilə seçilmişdir.
Müəllimləri, yaxınları, dostları İntiqamın riyaziyyat müəllimi olacağını düşünsələr də, o öz taleyini hərbi işə bağladı.
Ailədə 4 qardaşdan biri olan İntiqam 1985-ci ildə Sədrəddin Rəhimov adına tam orta məktəbin 1-ci sinfinə gedib və 1996-cı ildə həmin məktəbi uğurla bitirib.
1996-cı ildə hərbi xidmətə yollanan qəhrəmanımız 1999-cu ildə xidmətini başa vurub.
İ.Abbasov əsgərlikdən sonra birillik hərbi kursda oxudu, müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.
Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında «N» saylı hərbi hissəsində gizir və tank komandiri olaraq işə başlayır.
Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.
İntiqam ailəli idi. 2000-ci ildə ailə həyatı qurub.
Bir oğlu və bir qızı ondan yadigar qaldı...
O, sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
"Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!” nidaları altında şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində tabutun büküldüyü bayraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən oğlu Əli Abbasova təqdim edilmiş və o da müqəddəs bayrağı öpərək gözlərinin üstünə qoymuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Yavər oğlu Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.