Şəhid əsgər Amid Salayev
Amid Yadulla oğlu Salayev 10 fevral 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur.
2019-cu ildə Sığdaş kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2020-cu ilin aprel ayında Masallı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
Hərbi xidmətə Ağcəbədi rayonunda, «N» saylı hərbi hissədə başlamışdır. Amid fiziki hazırlığına, idman göstəricilərinə, istedadına, biliyinə və bacarıqlarına görə hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirirdi...
Düşmən Sentybrın 27-dən başlayan əks - hücumun qarşısında da tab gətirə bilmədi. Füzulinin, Cəbrayılın dağlıq ərazilərindəki yüksəkliklərindən müqavimət göstərməyə cəhd edirdilər. Ancaq başa düşmürdülər ki, torpaq, Vətən uğrunda döyüşən, ölümün gözlərinə gülə - gülə baxan, vətənpərvər bir ordunun qarşısını almaq çətindir.
Amid də kəşfiyyatçı kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edirdi. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edir və böyük şücaət göstərirdi. Amid Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirmiş və Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər döyüşərək qəhrəmancasına şəhid olmuşdur.
05 oktyabr 2020-ci il tarixdə Sığdaş kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən cəsur kəşfiyyatçı Amid Yadulla oğlu Salayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.