Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Sahib Şirəliyev

29 dekabr 2020 | 16:00

Sahib Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində boya-başa çatmışdı. Valideynləri onun hələ yeniyetməlik illərindən cəsurluğu, vətənpərvərliyi ilə seçildiyini vurğulayırlar. Oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi.

İgid döyüşçü orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə almışdı. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabit kimi Vətənə qulluq edirdi.

Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Şəhid zabitimiz həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.

Dəfn mərasimində şəhidin tabutuna bükülmüş üçrəngli dövlət bayrağımız onun qardaşı Əli Şirəliyevə təqdim edilib. 22 yaşlı Əli də hərbçidir - Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur.

Şəhid baş leytenant Sahib Şirəliyev “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər