Şəhid əsgər Röyad Məmmədov
Röyad Famil oğlu Məmmədov 2000-ci il oktyabr ayının 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub.
İlk təhsilini Mahmudavar kənd tam orta məktəbində almağa başlayır və həmin məktəbi 2018-ci ildə bitirir və sonra Bakı şəhərində, Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur.
Bir ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır.
Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən «N» saylı hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
Röyad Məmmədov Vətən müharibəsinin başlandığı ilk gündən isə döyüşlərə könüllü qatılır.
Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə vuruşub.
Röyad Məmmədov noyabrın 8-də Laçından Şuşaya gedən yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub.
Doğulub boya-başa çatdığı Masallı rayonunun Mahmudavar kəndində, 11 noyabr 2020-ci il tarixdə dəfn olunur. Subay idi.
Vətən müharibəsinin şəhidi Röyad Famil oğlu Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.