Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Əli Quliyev

07 yanvar 2021 | 16:00

Əli Turac oğlu Quliyev 20 oktyabr 2001-ci ildə İran İslam Respublikasının Məşhəd şəhərində dünyaya göz açıb.
Altıncı sinfə qədər təhsilini Məşhəd şəhərində alıb. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana - Masallı rayonunun Böyük Kolatan kəndinə köçüb.

Təhsilini şəhid Simran Rzayev adına Kolatan kənd tam orta məktəbində davam etdirib. 2019-cu ildə həmin məktəbdə orta təhsilini başa vurub.

Vətənə olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşən Əli hərbi xidmətinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Əli Quliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
2020-ci ilin sentyabr ayının 27 — dən başlanan Ana Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.

Məhz sentyabrın 27-dən başlayan Vətən müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak edib. İgid döyüşçü oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.

O, Masallı rayonunun Böyük Kolatan kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhid əsgəri Əli Turac oğlu Quliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Keçidlər