Masallıda 20 yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar silsilə onlayn tədbirlər keçirilmişdir.
20 yanvar 2021-ci il tarixinədək “20 Yanvar - Qan Yaddaşımız “Rəsm müsabiqəsi (onlayn), “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” (onlayn videokonfrans), “20 Yanvar Milli məfkurəmizin azadlıq istəyinin oyanışı“ (onlayn mühazirə) mövzularında tədbirlərin keçirilməsi başa çatmışdır.
"20 Yanvar - Qan Yaddaşımız"onlayn Rəsm müsabiqəsində 15 məktəbli iştirak etmiş, qaliblər onlayn səsvermə və münsiflər tərəfindən müəyyən edilmişdir.Müsabiqənin qalibləri Masallı rayon Heydər Əliyev Mərkəzi tərəfindən diplomla təltif olunacaqdır.
“20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda təşkil olunan tədbirdə Mahmudavar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etmiş, mövzu ilə bağlı Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə,II Qarabağ müharibəsinin iştirakçısı Nurlan Muradov və Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.O zaman yalnız Ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verilmişdir.Sonda şagirdlər ilə mövzu ətrafında diskusiya aparılmışdır.
“20 Yanvar Milli məfkurəmizin azadlıq istəyinin oyanışı“ mövzusunda Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə tərəfindən onlayn mühazirə təqdim edilmişdir. 20 Yanvar faciəsinin tarixi, acı nəticələri həm də bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı haqqında məlumat verilib, Ümummilli lider Heydər Əliyevin o dönəmlərdə Bakıdan uzaqda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, bu faciənin geniş auditoriyaya çatdırılmasında göstərdiyi səylərdən söhbət açılıb.