Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilmişdir

06 mart 2015 | 16:00

06 mart 2015-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda kütləvi tədbir keçirilmişdir.           
Tədbirdə Masallı, Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarının SHXÇDX-nin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edirdi.
Dövlət Himni səsləndi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını salamlayaraq gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
SHXÇDX rəisinin birinci müavini general-mayor Zaur Abdullayev qeyd etdi ki, ölkə rəhbərinin sərəncamına əsasən səfərbərliyə hazırlıq və vətənpərvərlik mövzusunda regionlarda silsilə tədbirlər keçirilir. Masallının bu toplantıya ev sahibliyindən razılığını bildirən sözçü Həzi Aslanov, Valeh Müslümov, Bəhruz Mansurov kimi onlarca Milli Qəhrəman yetirən cənub bölgəsinin bu gün də Vətənimizə layiqli övladlar bəxş etdiyini diqqətə çatdırdı.
Yüksək hərbi hazırlıqlı mütəxəssislərin yetişməsində ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətini xatırladan natiq bu gün də Ali Baş Komandanın məsul missiyanın layiqli davamçısı olduğunu söylədi.
Təhsil nazirliyinin şöbə müdiri Ağababa İbrahimov nəşr olunan dərsliklərdə hərbi-vətənpərvərlik mövzusuna geniş yer verildiyini, təlim-tədris prosesində şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasında müəllim rolunun önəmli olduğunu nəzərə çatdırdı.
General-mayor Zaur Abdullayev Masallı RİH başçısı Rafil Hüseynova, Lənkəran, Astara, Lerik, Yardımlı rayon icra hakimiyyətlərinin nümayəndələri Fuad Əhədova, Ceyhun Əbdülova, Araz Quliyevə və Azər Xanıyevə təşəkkür paketini təqdim etdi.
Milli Qəhrəman atası Eynulla Eynullayev (Masallı),  Ələkbər Əliyev (Lənkəran), Əlizahir Müslümov (Lerik), Milli Qəhrəman Bəhruz Mansurovun adını daşıyan qardaşı oğlu (Yardımlı), şəhid ailəsi Səidə Salayeva (Lənkəran), “Azərbaycan Bayrağı” ordenli Tofiq Kazımov (Astara) onlara təqdim olunan hədiyyəyə və dövlətin şəhid ailələrinə göstərdiyi qayğıya görə minnətdarlıq bildirdilər.
SHXÇ Dövlət Xidmətinin əməkdaşı polkovnik Rövşən Əlvəndov təlimdə fərqlənən hərbi rəhbərlərdən Ənvər Vəliyev (Lənkəran), Həbib Həbibov (Astara), Şaiq Hüseynov (Lerik), Nəcib Bağırov (Yardımlı) və Ağababa Əhmədovu (Masallı) mükafatlandırdı.
SHXÇDX Masallı rayon şöbəsinin rəisi polkovnik Rəsul Quliyev çağırışaqədər təhsildəki uğurlara görə bir qrup məktəbliyə hədiyyələr verib onlara uğurlar arzuladı.
“Ya Qarabağ, ya ölüm!” filmindən fraqmentlər göstərildi. Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları və Astara məktəblisi Maya Nağızadənin “Vətən” şeiri alqışlarla qarşılandı.

Keçidlər