Şəhid çavuş Ramazan Vəliyev
Ramazan Hilal oğlu Vəliyev 18 iyun 1995-ci ildə Türkmənistan Respublikasında anadan olub. Altı yaşı olanda Masallı rayonunun Şərəfə kəndinə gəlib. 2002-ci ildə şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə ildə həmin məktəbi bitirmişdir. 2013-cü ildə Bakı Dənizçilik Kollecinə daxil olmuş, 2015-ci ilin yayında oranı bitirmişdir. Arzusu dənizçi olmaq idi.
R.Vəliyev 2015-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin dekabrında əsgərlikdən tərxis olunub. 2019-cu ilin noyabr ayında həyatını hərb sənətinə bağlayıb; Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında MAXE kimi işə düzəlir.
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür.
İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazdı. 2020-ci ilin 29 noyabr tarixində qəhrəmancasına şəhidlik məqamına əbədi ucaldı. Özü də gözəl Şuşada!..
01 dekabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında dəfn edilib. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hilal oğlu Vəliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.