Şəhid əsgər Famil Əlizadə
Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2020-ci ilin yanvarında ordudan tərxis olunub.
Famil Əlizadə İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Subay idi. 2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə məhəllə qəbiristalığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olan Vətən müharibəsinin şəhid əsgəri Famil Habil oğlu Əlizadə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.