Masallıda sitrus bağları
Masallıda sitrus bağlarından 5 min tondan çox məhsul yığılıb
Masallı rayonu ölkəmizin subtropik zonasına daxil olduğu üçün burada meyvəçiliyin əsasını sitrus meyvələrinin istehsalı təşkil edir. Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi digər bölgələrdə olduğu kimi, Masallı da sitrus meyvəçiliyinin inkişafında yüksək nəticələr əldə etməyə imkan yaradıb.
Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün Masallıda əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir.
Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədovun verdiyi məlumata əsasən, ötən il rayonun sitrus bağbanları becərdikləri 123.4 hektar sitrus bağlarından (100.9 hektar bar verəndir) 511.6 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 50.7 sentner olub.
Məhsul istehsalçıları ötən il sahələrdən 1393.8 ton ciyələk yığıblar.
Xatırladaq ki, 2018-ci il fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-cı illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının məqsədi ölkəmizdə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.