Ombudsman Masallıda şəhid ailələrini ziyarət etdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Masallıda şəhid ailələri ilə görüşlər keçirmişdir.
Görüş zamanı Ombudsman 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirib. Ombudsman Səbinə Əliyeva qəhrəmanlıq salnaməsi yazaraq vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir arzulayıb.
Ombudsman şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Sonda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Ölkə rəhbəri Cənab İlham Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya və Masallı rayon İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.