Masallı şəhərində xidmət sahələrinin gördüyü işlər
Masallı şəhəri ərazisində xidmət sahələri 2020-ci il ərzində abadlıq-quruculuq, işıqlandırma, təmizlik və işıqlandırma işlərini uğurla həyata keçirmişlər.
2020-ci il ərzində Masallı şəhərində yerləşən prospekt və küçələrdə, parklarda quraşdırılmış işıq nöqtələrinə mütəmadi olaraq xidmət göstərilmiş, yanmış lampalar və sıradan çıxmış kabellər yenisi ilə əvəz olunmuşdur.
Ötən ildə Mənzil İstismar Sahəsi tərəfindən çoxmənzilli yaşayış evlərində yaşayan əhaliyə göstərilən kommunal xidmətin səviyyəsini yaxşılaşdırmaq sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Mənzil İstismar sahəsində çalışan 22 nəfər işçi və 53 nəfər təhkim olunmuş sosial işçi qüvvəsi ilə çoxmənzilli yaşayış evlərin həyətlərinin sahəsi təmizlənmiş, əhali tərəfindən atılmış məişət tullantıları avtomaşın vasitəsilə məişət tullantıları poliqonuna daşınaraq zərərsizləşdirilmişdir. Ötən ildə bir neçə çoxmənzilli yaşayış evlərində, onların ətrafında abadlıq-quruculuq işləri görülmüşdür. Belə ki, H.Əliyev prospektində 19 binanın, Qarabağ küçəsində 16 binanın və C.Cabbarlı küçəsində 8 binanın ətrafı kol-kosdan, hündür alaq otlarından təmizlənmiş və həmin hissələrə torpaq tökülərək hamarlanmışdır. Binaların ərazisində sakinlər tərəfindən özbaşına tikilmiş qaraj və sair tikililər sökülərək ərazidən kənarlaşdırılmışdır. Bununla yanaşı Qarabağ küçəsi 9 və 11 saylı binaların ətrafına bardürlər düzülmüş və onların daxili hissələri torpaqla doldurularaq müxtəlif ağac və güllər əkilmişdir. Qarabağ küçəsi 9 saylı binanın qarşısındakı meydança təmir olunmuş və ətrafına bardür düzülmüşdür. H.Aslanov 13 və 21 saylı, H.Əliyev prospekti 30, 36 və 46 saylı, Qarabağ küçəsi 9 saylı binalarda dam örtüklərinin su novlarına 40 sm ölçüdə əlavə artırma verilmişdir. Qarabağ küçəsi 13B, 14 və 24 saylı binaların kanalizasiya xətlərində, Qurtuluş küçəsi 162 saylı binanın isə pilləkənində, fasadında, kanalizasiya xəttində təmir işləri görülmüşdür.
Ötən il ərzində Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi öz fəaliyyətini xeyli genişləndirmişdir. Belə ki, şəhərin nəzərdə tutulan bütün küçə və meydanları, park və xiyabanları mütəmadi olaraq hər gün süpürülmüş, süpürülən ərazilərdən toplanmış məişət tullantıları gün ərzində avtomaşınlara yüklənərək məişət tullantıları poliqonuna aparılaraq zərərsizləşdirilmişdir.
Ötən il ərzində Masallı Rayon Yaşıllaşdırma Müəssisəsi tərəfindən şəhər ərazisində əkilmiş ağac, gül kolları, müxtəlif növlü dekorativ ağaclar və qazon sahələrinə mütəmadi xidmət göstərilmişdir. Belə ki, ötən ilin əvvəlindən H.Əliyev və Bakı prospektlərində, Elşad Hüseynov, Səfəralı Məmmədov, Qurtuluş, Zərifə Əliyeva, Qarabağ, Azərbaycan, Seybətin küçələrində, Park Bulvar ərazisində və Hüseynhacılı yolunda ümumilikdə 11813 ədəd sərv, xançinar, tuya, katalpa, piramida, leylandr, aliandr ağacı, luqustr, qızıl gül və yaşıl gül kolları əkilmişdir. Bununla yanaşı şəhərin küçə, park və meydanlarında 670 ədəd sarmaşıq gülü əkilmişdir. Yaşıllıqların suvarılması və becərilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Suvarma işlərinin daha mütəşəkkil qaydada həyata keçirilməsi üçün Müəssisənin imkanları hesabına şəhərin Heydər Əliyev prospektində 740 metr, Zərifə Əliyeva küçəsində 80 metr, Azərbaycan küçəsində 600 metr, Seybətin dairəsində 90 metr, Musaküçə dairəsində 180 metr, Park Bulvar ərazisində isə 1600 metrə yaxın suvarma sistemləri quraşdırılmış və 10 ədəd su matoru ilə təmin edilmişdir.
Şəhərin küçə, park və meydanlarında mövsümlə əlaqədar bütün ağac və gül kollarının budanaraq səliqə səhmana salınması işləri davamlı olaraq həyata keçirilmişdir.