Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Fənn Olimpiadasında uğur qazanan Masallı məktəbliləri

17 fevral 2021 | 16:00

Respublika Fənn Olimpiadalarının (2020-2021) respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin adları açıqlandı.
10.02.2021 - 12.02.2021-ci il tarixlərində Masallı şəhər 3 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilmişdir. 10 fevral 2021-ci il tarixində riyaziyyat və kimya fənləri, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə keçirilən olimpiadalarda IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərindən rayon üzrə 418 nəfər iştirak etmişdir.
Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən onların potensiallarının artırılması və nümayiş etdirmə imkanları, həmçinin, şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılmasından ibarətdir. Fənn olimpiadaları şəffaf və müsbət rəqabət şəraitində keçirilmişdir.
Şagirdlərimizdən 67 nəfəri Respublika Fənn Olimpiadalarının yarımfinalında iştirak etmək hüququ qazanmışdır.
17.02.2021-ci il tarixdə Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov yarımfinalda iştirak etmək hüququ qazanan şagirdlərlə videokonfrans keçirərək onları təbrik etmiş və onlara daha böyük uğurlar arzulamışdır. Tariyel Əkbərov şagirdlərin problemləri ilə maraqlanmış və qarşıya çıxa biləcək hər hansı problemin aradan qaldırılmasında onlara dəstək olacağını bildirmişdir.Uğur qazanan şagirdlərdən Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi Şinayə Bağırova, Xırmandalı kənd tam orta məktəbinin IX sinif şagirdi Elcan Fərzəliyev, Yeddioymaq 1 nömrəli kənd tam orta məktəbinin XI sinif şagirdi Gövhər Quliyeva və Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Elvin Alıyev çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildirdilər və daha böyük uğur qazanmaq üçün bilik və bacarıqlarından maksimum səviyyədə istifadə edəcəklərinə söz verdilər.

Keçidlər