Masallı- folklor paytaxtı yekunlaşdı
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir. Bu, Masallının zəngin ağız ədəbiyyatı nümunələri – nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü, zərb-məsəllər və bölgələrinin digər folklor incilərinə, tarixi abidələrinə, xalq sənətinə verilən qiymətdir.
Qədim mədəniyyətə, xalq yaradıcılığına, çoxsaylı abidələrə malik olan, son otuz ildə folklor inciləri ilə dünyanın 30-dan artıq ölkəsinin dinləyicilərini ram edən Masallının respublikanın rayonları arasında seçilib sananması reallıq idi.
Kəndlərin hamısında xalq sənəti maddi-mədəniyyətimizin ən qiymətli inciləri kimi qorunur. Məhz bu xüsusiyyətinə görə ilin əvvəlində seçim zamanı münsiflər Masallının namizədliyinə hamılıqla səs verdilər.
Masallı bu adı əsil mənada doğrultdu. Ağsaqqalların, ağbirçəklərin bayatı boxçası açıldı. Folklor ansambllarının yarışları başladı. Folklorşünaslar Masallıda oldular. Kəndbəkənd, məhəllə-məhəllə gəzib bu zəngin xəzinəni kağıza köçürdülər.
Bu işlər Masallıda keçirilən “Azərbaycan Folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfransda müəyyən qədər yekunlaşdı. Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan daha çox istifadə olundu.
Folklor ili çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri Folklor paytaxtının kubokunun və loqosunun təqdimetmə mərasimi oldu.
Masallıda respublika muğam festivalı təntənəli keçdi. “Masallı” rəqs, incəsənət məktəbinin “Sara”, yaşlılardan və gənclərdən ibarət “Halay” ansamblları, Şərəfənin “Həcər”, Xırmandalının, Öncəqalanın, Sərçuvarın, Gəyəçölün, Qodmanın xalq kollektivləri rəngarəng tədbirlərdə uğurla çıxış etdilər. Tədbirlər get-gedə daha da kütləviləşirdi. Ulu öndərin anadan olmasının 89-cu il dönümü və qurtuluş günü münasibəti ilə keçirilən tədbirlərdə rayonun bütün musiqi kollektivləri iştirak etdi.
Sonra yaz festivalı, turizm mövsümünün açılışı, xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları təmtəraqla keçirildi. Bir sözlə, rayonun 118 bədii özfəaliyyət kollektivi, onların 2800 üzvü tədbirlərdə iştirak etdi. Folklor ili çərçivəsində ən böyük tədbir isə Masallıda keçirilən Beynəlxalq Folklor festivalı idi.
Sentyabrın 7-si Masallı xüsusi ilə təmtəraqlı görünürdü. Küçə və meydanlar şəhərdən, rayonun ayrı-ayrı kənd və qəsəbələrindən gələnlərlə dolu idi. Masallı Beynəlxalq folklor festivalına gələnləri isti-hərarətli salamlayırdı. Festival başlamazdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvləri, Dövlət rəsmiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Bayraq Meydanından başlayan görüş arasıkəsilməyən dəstələrlə Heydər Əliyev parkının önündən keçib getməsi ilə start götürdü.
Folklor kollektivləri təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandırdılar...
İlk olaraq meydanda Azərbaycan bayrağı dalğalanır. Yaşlılardan və gənclərdən ibarət “Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvanın rəqs ansamblı, Rusiya Federasiyasının Dağıstan respublikasının Kabarda-Balkar, Türkiyənin, İranın, Latviyanın folklor kollektivləri üç gün rayonda, Boradigah qəsəbəsi və Şərəfə kəndində, istirahət obyektlərində zəngin proqramlarla çıxış etdilər.
Rayon mərkəzində keçirilən yekun konsertində Masallı Rayon İcra Hakimiyyəti başçısı zəngin folklorumuzun dünyaya tanıtdırılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi.
Respublika Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədli iştirakçılara uğurlar arzuladı. Festival müddətində hər yerdə Masallının bacarıqlı əl ustalarının əsərləri nümayiş etdirildi.
Masallı Olimpiya İdman Kompleksində keçirilən yekun konsertində də “Halay” və digər kollektivlər, Naxçıvanın “Şərur” ansamblı, Türkiyə, İran, Latviya, Dağıstan və Kabarda-Balkar folklor qruplarının ifaları xoş təsir bağışladı. Ansabl üzvləri Masallı qonaqpərvərliyini yüksək qiymətləndirib, festival günlərini unutmayacaqlarını bildirdilər. Burada bu fikir dəfələrlə təkrarlandı ki, Masallı beynəlxalq tədbirlərə inamla sahiblik edə bilər.
Festivalda Masallıda nəfis şəkildə hazırlanan saxsı qablar, müxtəlif suvenirlər, köynəklər, qələmlər, döş nişanları iştirakçılar üçün maraqlı idi və hamısı öz ölkələrinə bu qiymətli hədiyyələri məmnuniyyətlə apardılar.
Festival müddətində hazırlanan fotoalbomlar, disklər və s. maraqla qarşılandı.
...Dekabrın 15-i Masallı yenidən izdihamlı idi. Rayonumuza dövlət rəsmiləri, mədəniyyət nazirliyinin nümayəndələri, jurnalistlər gəlmişdilər. Bu, bir növ folklor paytaxtının keçirdiyi çoxsaylı tədbirlərə qiymət vermək məqsədi daşıyırdı.
Rayon Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini, Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı açdı. O, Folklor ilində keçirilən tədbirlərdən geniş danışıb bildirdi ki, bu sahədə görülən işlər bütün rayonu əhatə edib. Xalq folklorunu öyrənməyə, bu qiymətli incilərin araşdırılıb tapılmasında bütün Masallılar tədqiqatçı olublar. Ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən folklor tədbirlərində minlərlə insan iştirak etmiş, yeni kollektiv və ifaçılar meydana çıxmışdır.
Mədəniyyət və Turizm nazirliyinin mədəniyyət və siyasət şöbəsinin müdiri Fikrət Babayev folklor ilində Masallıda bir-birindən zəngin, maraqlı, çoxsaylı tədbirlərin keçirildiyi barədə danışmış, qeyd etmişdir ki, Masallıda keçirilən Beynəlxalq Folklor Festivalında iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə nazirliyə və rayona təşəkkür məktubları gəlməkdədir. Masallı rayon rəhbərliyinin festivalla, eləcə də folklor ili çərçivəsində gördüyü tədbirləri təqdir edən natiq bu fikirdə olduğunu bildirdi: Masallı hər cür beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər.
Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folkloru olduğunu qeyd etdi. O, bu folklorun toplanılıb çap etdirilməsi barədə iş görüldüyünü bildirdi.
Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Azərbaycanın qədim və zəngin folklor irsinə malik olduğunu qeyd edərək vurğuladı ki, bu böyük xəzinəmizin dünyaya tanıdılmasında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük təşkilatçılıqları var. Diqqəti qədimliyimizə, onun təməli üzərində yüksələn, ondan qaynaqlanan mədəniyyətimizə cəlb edən natiq Azıx mağarasının canlı tarixindən, Qobustan qaya daşlarının ritmlərindən, ana laylaları, ata öyüdlərindən süzülüb gələn folklorumuzun Masallıda da qorunub saxlandığını, inkişaf etdirildiyini vurğuladı.
Sonda folklor ilində fərqlənənlərə rayon İcra hakimiyyətinin Diplomları, Fəxri fərmanları və mükafatları təqdim edildi.
Yenə səhnə incəsənət ustalarına verildi. Folklor ansamblları, ayrı-ayrı ifaçılar, rəqs kollektivlərinin çıxışları bir-birini əvəz etdi.
...Bu ardıcıllıq onu sübut etdi ki, folklor ili başa çatmayıb, bir folklor ilinin sərhəddində digərinin başlanğıcı dayanır.
Tədbirdən sonra rayon İcra hakimiyyətinin başçısı respublikanın aparıcı mətbuat orqanlarının və televiziya kanallarının jurnalistləri ilə birgə mətbuat konfransı keçirdi.