Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Ana dilimiz milli–mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir

19 fevral 2021 | 16:00

“Ana dilimiz milli–mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib.
19 fevral 2021-ci il tarixdə R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Ana dilimiz milli–mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə rayonun Bədəlan kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edilib. Sonra muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək 21 fevral – Beynəlxaq Ana Dili Gününün təsis edilməsi haqda geniş məlumat verib. Qeyd edilib ki, tarixin dərinliklərindən süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası kimi hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, dilimizin zənginliyi və ifadə imkanlarının bariz nümunəsi olan sanballı elmi və ədəbi-bədii əsərlər ortaya qoyulub. Bildirilib ki, hələ XIV-XV əsrlərin qovşağında yaşayıb-yaratmış, əsərlərilə təkcə Şərqdə deyil, bütövlükdə dünya ədəbiyyatının inkişafına xüsusi töhfə vermiş mütəfəkkir şair İmadəddin Nəsiminin şeirlərində ana dilimizin bədii imkanları və zərifliyi özünün dolğun ifadəsini tapıb. Bununla yanaşı, ana dilimizə xüsusi status qazandırmış, onu dövlətin rəsmi dili səviyyəsinə yüksəltmiş şair-hökmdar Şah İsmayıl Xətainin həm dövlət başçısı, həm də şair kimi dilimizin inkişafında müstəsna xidmətləri olmuşdur.

Ə. Tağıyeva dilimizin bugünki vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən də bəhs edib. Qeyd olunub ki, müasir dövrdə dilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu öndərin dövlət başçısı olduğu dövrlərdə Azərbaycan dilinin inkişafı ilə bağlı müntəzəm olaraq Fərman və Sərəncamlar imzalanıb və müvafiq tədbirlər görülüb. O, Prezident İlham Əliyevin dövlət dilimizin inkişafına həssaslıq və qayğı ilə yanaşdığını, bu məqsədlə 2004-cü il yanvarın 12-də xüsusi Sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra rayonun Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova çıxış edib. Bildirilib ki, milli mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümü olan ana dilimizi şagirdlərə düzgün tədris etmək, onun bütün gözəllik və incəliklərini şagirdlərə çatdırmaq, onların nitq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək müəllimlərin öhdəsinə düşən vacib məsələlərdən biridir.

Muzeyin elmı işçisi Dilgüşə Məmmədova çıxışında dilimizin dövlət dili statusuna yüksəldilməsini tarixi hadisə olduğunu, bunun dilimizin sonrakı inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib

Bədəlan kənd tam orta məktəbinin şagirdlərindən İlqarə Şahbazzadə və Şəfəq Qədirova da mövzu ilə bağlı fikirlərini bildiriblər.

Keçidlər