Masallının din xadimləri Xocalı soyqırımı qurbanlarını andı
24 fevral 2021-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilaçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş video formatda konfrans keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Masallı rayonu üzrə qazısı və səlahiyyətli nümayəndəsi, icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər. Öncə Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov bildirib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. M. Bədirovun sözlərinə görə, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb.
QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Ayıq Səmədov və Elvin Hüseynli çıxışlarında Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və ən faciəli səhifələrdən biri olduğunu qeyd ediblər.