Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Xocalı harayı" mövzusunda onlayn tarix dərsi

25 fevral 2021 | 16:00

Masallıda "Xocalı harayı" mövzusunda onlayn tarix dərsi keçirilib.

Fevralın 24-də R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda növbəti onlayn tarix dərsi keçirilib. Onlayn dərsdə Masallı şəhər 2 saylı tam orta və rayonun Dəmirçi kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Onlayn dərsdən əvvəl məktəblilərin ifasında dövlət himnimiz səsləndirilib. Sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva tarix dərsi ərzində Xocalı faciəsi haqqında məktəblilərə təfərrüatlı məlumatlar verib. Bildirilib ki, faciənin törədildiyi gecə 613 dinc Xocalı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 1275 sakin isə girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin aqibəti bugünədək məlum deyil. Bütün bunlar erməni terrorçuları tərəfindən öncədən düşünülmüş, planlaşdırılmış və ağlasığmaz üsullarla həyata keçirilmişdir.

Ə. Tağıyeva Azərbaycan tarixinə faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımını təkcə xalqımıza qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayət aktlarından biri kimi xarakterizə edib. O, həmçinin onlayn dərs əsnasında soyqırımla bağlı digər faktları da dinləyicilərin nəzərinə çatdırıb.

Onlayn tarix dərsindən sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər ifa ediblər.

Tarix dərsindən sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəblilərin sualları cavablandırılıb.

Keçidlər