“Gənc xanımlar cəmiyyətimizdə” mövzusunda onlayn tədbir
“Gənc xanımlar cəmiyyətimizdə” mövzusunda onlayn tədbir keçirilib.
05 mart 2021-ci il tarixdə Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Masallı Regional ASAN Xidmət Mərkəzinin nümayəndələri və bir sıra ali təhsil ocaqlarının tələbələrinin iştirakı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Gənc xanımlar cəmiyyətimizdə” mövzusunda onlayn tədbir keçirilib.
Onlayn tədbirdə ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və şəhid anaları olmaqla, bütün ölkə qadınlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı, işlərində müvəffəqiyyət arzu edib. Ə. Tağıyeva qeyd edib ki, bu gün elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, uğurlu fəaliyyətilə seçilməsin. O, vaxtilə dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına göstərilmiş diqqət və qayğı, onlara verilmiş yüksək mənəvi dəyər və səmimi fikirləri barədə də danışıb, həmçinin bu siyasi kursun bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Əlavə olunub ki, bu gün müvafiq istiqamət üzrə həyata keçirilən uğurlu dövlət siyasəti Azərbaycan qadınının və gənc nəslin uğurlu gələcəyi, əmin-amanlıq və rifah içərisində yaşayacağına böyük inam yaradır.
ASAN Xidmət Mərkəzinin əməkdaşı Lamiyyə Məmmədova və muzeyin elmi işçisi Dilgüşə Məmmədova çıxışlarında gənc xanımları təhsil almağa, ictimai həyatda fəal olmağa çağırıblar.