Masallı şəhərində abadlıq işləri davam edir
2021-ci il üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhəri ərazisində ümumi uzunluğu 9 km-ə yaxın 22 küçənin asfalt təmiri işləri həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq ilkin smeta sənədləri hazırlanmış və elektron portal üzərindən keçiriləcək tenderin nəticəsinə uyğun olaraq qalib podratçı şirkət tərəfindən asfalt örtüyünün döşənməsinə başlanacaqdır. Nəzərdə tutulmuş 22 küçədə 38000 kvadrat metr asfalat ötrüyünün döşənməsi həyata keçiriləcəkdir. Bundan əlavə olaraq şəhər küçələrində abadlıq quruculuq işləri üçün qüsur aktları tərtib edilmiş, smeta sənədlərinin hazırlanmasına başlanılmışdır. Şəhərin Heydər Əliyev prospekti, Səməd Vurğun, Elşad Hüseynov, Dadava, Zərifə Əliyeva və Məhəmməd Füzuli küçələrində yenidən qurma işləri həyata keçiriləcəkdir. Hazırda şəhərin mərkəzi hissəsində yerləşən Azərbaycan, Qarabağ, Dadva, Zərifə Əliyeva və Həzi Aslanov küçələrində elektrik dirəklərinə bəzək işıqlarının quraşdırılması həyata keçirilmişdir. Həftə ərzində Heydər Əliyev prospekti boyu işıq dirəklərinə bəzək elementlərinin quraşdırılmasına başlanacaqdır.