“Ulu öndərin milli dəyərlərə adət ənənələrə verdiyi qiymət” mövzusunda tədbir
17 mart 2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ulu öndərin milli dəyərlərə adət ənənələrə verdiyi qiymət” mövzusunda tədbir keçirilmişdir. Mövcud Pandemiya ilə bağlı Karantin rejimi qaydalarına uyğun şəkildə keçirilən tədbirdə mərkəzin əməkdaşları iştirak etmişdir.
İlk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd etmişdir ki, Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət- ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Ulu öndər Heydər Əliyev Novruzun həm də milli birlik bayramı adlandırırdı. “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”. Onunla da fəxarət duyuruq ki, BMT tərəfindən 21 mart “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev, Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirir.
Sonda Mərkəzin Xalq Sənətkarlığı otağında təşkil olunmuş sərgiyə baxış keçirildi və fotoşəkillər çəkildi.