Masallıda “Ulu öndər Heydər Əliyevin zəngin irsi gənclər üçün örnəkdir” mövzusunda dəyirmi masa keçirilmişdir
05 may 2015-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığıilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin zəngin irsi gənclər üçün örnəkdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq bildirdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir. Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
Sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, “Dəfinə” məktəb-liseyinin tarix müəllimi tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov, gənclərdən Aysel Əzizli, Azər Mükayılov çıxış edərək bildirdilər ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Tədbirin sonunda gənclərimiz Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin ömür yolunu əks etdirən fotoşəkillərlə tanış oldular.