Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Təhsil şöbəsinin onlayn iclası

19 mart 2021 | 16:00

19.03.2021–ci il tarixdə Masallı RTŞ-nin məktəb direktorları, direktor müavinləri, UBT rəhbərləri, məktəb kitabxanaçıları, fənn müəllimləri və valideynlərin iştirakı ilə növbəti videokonfransı keçirildi. İclasda 870 nəfər iştirak edirdi.

İclasda ilk öncə Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İclası Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Sonra o, koronavirus pandemiyası barədə danışaraq qeyd etdi ki, bu sahədə aparılan tədbirlər davam etdirilməlidir. Qeyd olundu ki, təhsil işçiləri və valideynlər təbliğat işində daha fəal olmalıdırlar. Təhsil müəssisələrində çalışan 50-65 yaşlı işçilər virus əleyhinə vaksinasiya olunmalıdırlar. Daha sonra o, müasir informasiya sistemində sosial şəbəkələrin rolundan danışaraq bildirdi ki, təhsil sahəsində çalışanların sosial şəbəkələrdə fəallığının artırılması qarşıda duran əsas məsələlərdən biridir. Bütün məktəblər bu sahədə fəallıq göstərməlidirlər.

Tariyel Əkbərov əlavə olaraq onu da qeyd etdi ki, rayonumuz Respublika Fənn Olimpiadalarının yarımfinal turunda ölkədə yuxarı nəticələr göstərən 16 rayon arasında olmuşdur. Olimpiadaların final mərhələsinə 5 nəfər şagirdimiz vəsiqə qazanmışdır. O, eyni zamanda məktəb rəhbərlərinə və valideynlərə şagirdlərin virtual dərslərə cəlb edilməsi ilə bağlı müvafiq tövsiyələr verərək qeyd etdi ki, mövcud vəziyyətlə əlaqədar yuxarı siniflərdə tədris distant şəkildə aparıldığı üçün valideynlər də bu işdə yaxından iştirak etməlidirlər. Qeyd olundu ki, Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən məktəblərdə yaranmış vakant texniki işçi ştatları olarsa, həmin vakansiyalar ilk növbədə şəhid və qazi ailələrinin işlə təmin olunması üçün Təhsil Nazirliyində yaradılmış elektron bazasına göndərilməlidir. Həmçinin bildirildi ki, növbəti tədris ili üçün uşaqların məktəbəhazırlıq qruplarına və birinci siniflərə qəbulu mövcud Qaydalara uyğun aparılmalıdır.

Masallı Rayon Təhsil Şöbəsinin müavini Samit İslamov Təhsil Nazirliyindən daxil olmuş əmr, təlimat və tapşırıqlar haqqında məlumat verdi və qeyd etdi ki, bu əmrlərin icrası vaxtında yerinə yetirilməlidir.

Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov şagirdlərin Respublika Fənn Olimpiadalarının final mərhələsinə və 26.03.2021-ci il tarixdə Lənkəran Dövlət Universitetinin təşkil etdiyi onlayn olimpiadalara hazırlığı, Təhsil Nazirliyinin F-420 və F-512 nömrəli əmrlərinin icra vəziyyəti, ötən tədris ilində buraxılış imtahanlarının nəticələrinin təhlili və cari tədris ilində buraxılış imtahanlarına hazırlıqla bağlı görülən işlər, Ulu öndər H.Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı şagirdlərin “Ən yaxşı təqdimat” müsabiqəsinə hazırlanması, N.Gəncəvinin 880 illiyi ilə bağlı tədbirlərin keçirilməsi və s. barədə məlumat verdi.

İclasın sonunda məktəb rəhbərlərinin, müəllimlərin və valideynlərin təklifləri dinlənildi və onları narahat edən məsələlər barədə sualları cavablandırıldı.

Keçidlər