HÜQUQ POZUNTULARINDAN VƏ ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN UZAQLAŞAQ!
18 dekabr 2012-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində yeniyetmə və gənclər arasında hüquq pozuntularından və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə marifləndirici tədbir keçirilmişdir.
109 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki, narkomaniyanın qurbanları arasında gənclərə tez-tez rast gəlmək olur. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.
Tədbirdə Masallı rayon təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov çıxış edərək bildirdi ki, son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir.
Daha sonra Rayon gənclərindən Niyazi Əliyev, Ramin Qasımov və başqaları çıxış edərək bildirmişlər ki, narkomaniya ilə mübarizədə təbliğatın kütləvi aksiyalarla aparılması, təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi narkomaniya ilə mübarizədə müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb olur.
Sonda tədbir iştirakçılarına bukletlər paylandı.