“Tarixi yaddaşımızdan silinməyən Soyqırım“ mövzusunda onlayn tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin I kurs tələbələrinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Tarixi yaddaşımızdan silinməyən Soyqırım“ mövzusunda onlayn tədbir keçirilib.
İlk öncə Soyqırım qurbanlarımızın və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən yad edilib.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxışına başlayaraq bildirib ki, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Çıxışının sonunda Gülcahan Vəkilzadə müstəqil tədqiqatçı Kulqenin mart qırğınları haqqında yazılarını və həmin dəhşətli günlərin şahidi olmuş bir almanın yazdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbir çərçivəsində tələbələrdən Sahibə Məmmədova və Samirə Fətullayeva mövzu ilə bağlı fikirlərini bildirdilər.