Masallı Xalq teatrı "Leyli və Məcnun" tamaşasını izləyicilərə təqdim edib
Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının növbəti virtual tamaşa-kompozisiyası baş tutub. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı teatr kompozisiyası onlayn platforma vasitəsilə virtual auditoriyaya təqdim olunub. "Nizami Gəncəvi İli" ilə əlaqədar hazırlanmış tamaşada teatrın sənət kollektivi ilə yanaşı, rayonun Dəmirçi kənd tam orta məktəbinin bir qrup istedadlı şagirdi də rol alıb.
Kompozisiyada saf, ülvi hisslər, dövrün əxlaq normaları, valideyn-övlad münasibətləri məktəblilərin ifasında bədii-yaradıcı üsullarla təsvir olunub.
Tamaşa-kompozisiyanın ərsəyə gətirilməsində teatrın kollektivi, eləcə də adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi, müəllim və şagirdləri yaxından iştirak edib. Tamaşaya istedadlı gənc prodüser Mərhəmət Lələyev quruluş verib.
Qeyd edək ki, Xalq teatrı "Nizami Gəncəvi İli" çərçivəsində silsilə səhnə tədbirlərini davam etdirir. Qarşıdakı günlərdə yeni kompozisiyanın səhnələşdirilməsi planlaşdırılır.