Masallıda şəhid qardaşların xatirəsinə həsr olunmuş kompozisiya səhnələşdirilib
Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında şəhid Nurlan və İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş virtual ədəbi-bədii kompozisiya nümayiş olunub. Virtual kompozisiyada teatrın incəsənət kollektivi ilə bərabər, Masallı Dövlət Regional Kollecinin tələbələri də iştirak ediblər.
“Cəsur ürəklər” adlanan səhnə işində əvvəlcə teatrın rejissoru Cəmaləddin Əliyev tərəfindən şəhid qardaşların həyatı və şərəfli döyüş yolundan bəhs edən teatr-bədii üslubda monoloq deyilib, sonra tələbələrin ifasında vətənpərvərlik və şəhidlərə ehtiram ruhunda şeirlər səsləndirilib. Şeir kompozisiyaları həzin musiqi parçaları ilə müşayiət olunub.
Səhnə tədbirindən sonra şəhid qardaşların anası Ziba Əsgərli kompozisiyanın təşkilinə, eləcə də övladlarının xatirəsinin əziz tutulması və göstərilən dərin ehtirama görə mərkəzin rəhbərliyinə, teatrın kollektivinə, tələbələrə və digər əməyi keçənlərə minnətdarlıq edib.
Qeyd edək ki, qəhrəmanlıqları ilə xatirələrdə əbədi yaşayacaq qardaşlardan Nurlan Aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalıblar. Yaşca böyük olan İntiqam Şuşa şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə Prezidentin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Ədəbi-bədii kompozisiyanın hazırlanmasında teatrın rejissoru C. Əliyev, sənətçilər Ruslan Zahidov, Nurlan Bayramov, gənc prodüser Mərhəmət Lələyev və başqaları iştirak edib.