“Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans
Masallıda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda vebkonfrans keçirilmişdir
15 aprel 2021-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda onlayn konfrans keçirilmişdir.
Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Elvin Hüseynli, Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, müəllim və yeniyetmələr iştirak etmişlər.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında bildirdi ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynamışdır.
Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva qeyd etdi ki, respublikamızın ümumtəhsil, orta-ixtisa və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmləri, humanitar fənlər, eyni zamanda mövcud sosial şəbəkələr gənclərə milli-mənəvi dəyərləri aşılamaq üçün böyük imkanlar yaradır.
Masallı bölgəsi üzrə şöbənin baş məsləhətçisi Kamil Bağırov çıxışında vurğuladı ki, tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mıənafeyini müdafiə edən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir.
Masallı bölgəsi üzrə şöbənin məsləhətçisi Ayıq Səmədov çıxışında qeyd etdi ki, Ümummmilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən uşaqların himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu gün də bu ənənəni ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva uğurla davam etdirir.