Şriftin ölçüsü :

Saytın rəngi :

Qadın problemləri–iqtisadi və sosial həyata nüfuz

19 avqust 2015 | 15:00

19 avqust 2015-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının inzibati binasında “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşkili” layihəsi üzrə treninq keçirilib. BMT və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə qadın fəalları, bəzi idarə-müəssisə rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov toplantı iştirakçılarını salamladı, məclisin işinə uğurlar arzuladı. Natiq bu layihənin Masallıda həyata keçirdiyi üçün təşkilatçılara minnətdarlıq edərək qeyd etdi ki, son illərdə onlarca qadın idarəetmə işinə irəli çəkilib. Rayonda əhalinin sıxlığı mövcuddur və bu tədbir qadınların məşğulluğuna kömək edəcək, onların həyata nüfuzunu artıracaqdır. Sözçü son illərdə 15 min iş yeri açıldığını, kənd təsərrüfatı və səneyinin inkişafı, xüsusilə təbii iqlim şəraitinin, termal suların mövcud olduğu bölgədə turizmin təşəkkül tapması üçün xeyli iş görüldüyünü bildirdi. Cənab başçı 216 min əhalinin 105 mini qadın olan rayonda layihənin həyata keçirilməsini dəstəklədi, qadınların problemlərindən danışdı.
Tədbirdə çıxış edən AQUP Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT rezident nümayəndəliyinin müavini Nato Alhazişvili, layihə rəhbəri Nadir Quluzadə mövcud layihənin Azərbaycanın bir çox rayonlarında həyata keçirildiyini, növbəti bölgə kimi Masallının seçildiyini bildirərək tədbirin məqsəd və mexanizmi barədə geniş məlumat verdilər.
Layihənin məqsədi kənddə yaşayan qadınların iqtisadi və sosial həyatda daha dolğun iştirakını təmin etmək, cəmiyyətə nüfuz dairəsini genişləndirmək, onun fərdi qabiliyyət və peşə marağını, bacarığını nəzərə almaqla fəaliyyətini istiqamətləndirməkdir. Bütün bunlar qadın biznes mərkəzləri, biznes klubları və s. yaratmaqla həyata keçirilir. Biznes mərkəzinin fəaliyyəti qadınlar arasında ünsiyyət yaratmaq, onların özünü təqdim etmək məharəti, biznes planlarının hazırlanıb həyata keçirilməsi, təsərrüfat sahələri, quşçuluq, maldarlıq, tərəvəzçilik və. s. müxtəlif peşələrin intişarına yönəlib.
Qonaqlar səmimi qəbula, tədbirə və işgüzar söhbətə görə rayon rəhbərinə minnətdarlıq bildirdilər. Masallıda Qadın resurs mərkəzi üçün yer seçildi. Heydər Əliyev Mərkəzində bu layihənin uğurla həyata keçirilməsi üçün hər cür şərait olduğu bildirildi.

Keçidlər