Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq kəndində fəal qadınların fikri və məramı dinlənildi

20 avqust 2015 | 15:00

20 avqust 2015-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova bildirdi ki, problem bir çox ailədə olur. Məqsəd sizinlə birgə boşanma, erkən nikah və s. haqda danışmaq, bu kimi halların aradan qaldırılmasına nail olmaqdır. Ucqar kəndlərdə də olmuşuq. Hər bir xırda problemi öyrənmişik və bundan sonra da səfərimizi davam etdirəcəyik.
Sözçü dedi ki, erkən nikah cəmiyyətdə müəyyən problem yaradır, ona qarşı maariflənmə işinin daha geniş bir şəkildə aparılması vacibdir. Qızların ana olmasına heç kim tələsməməli, onların təhsilinə fikir verilməlidir. Genefondu ana yaradır, bu vaxtında olmalıdır: əvvəl təhsil, sonra ailə!
Qadınlar şurasının üzvü, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Nigar Kərimova bildirdi ki, əvvəlki illərə nisbətən erkən nikah indi azalıb. İndi isə evlənmək istəyən həkim müayinəsindən keçməli olacaq. Yeni ailə quranlar tibbi arayış almadan nikaha daxil ola bilməz. Milli Məclisin verdiyi bu qərar iyunun 1-dən qüvvədədir. Ailə quran tərəflər arasında uyğunsuzluq olduqda, bir sıra xəstəlik ortaya çıxır. Bu qanun ailə-məişətdə yaranan bir çox problemlərin qarşısını almaqla yanaşı, boşanmaların da sayının azalmasına gətirib çıxarar. Həmçinin qərar nikahdan qabaq yaranan infeksion xəstəliyin qarşısının alınmasında böyük rol oynayır. Tibbi müayinə pulsuz həyata keçiriləcək.
Natiq məktəbli qızların erkən nikahı ilə bağlı görülən işlər və tədbirlər barədə məlumat verdi, bu sahədə əlaqədar təşkilatlar qarşısında duran vəzifəni diqqətə çatdırdı. 
  Qarğalıq ərazi vahidi üzrə Eminli, Xallıcallı, Kürdəbaz, Qədirli, Dəlləkli və Şəhriyar kəndindən olan ziyalı və fəal qadınlar çıxış etdilər. Sübnaz Bünyatova, Aybəniz Həsənova, Günəş Həşimova, Gülər Ağayeva, Qızqayıt Xammədova, Tahirə Ələkbərova, Adilə Əliyeva, Ağanaz Səmədova, Təzəgül Hüseynova, Elmira Məmmədova və başqaları üzləşdikləri çətinliyi qeyd etdilər. Bunun həlli yolundan danışdılar. Sözçülər erkən nikahla mübarizəyə ictimaiyyətin cəlb olunmasını diqqətə çatdırıb bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı təklif verdilər. 
  Aybəniz Həsənova YAP rayon təşkilatı Qadınlar Şurasının Qarğalıq kənd ərazisi üzrə koordinatoru seçildi.

Keçidlər