Masallı rayon Tüklə kəndində şəhid bulağının açılışı
25 may 2021-ci il tarixdə Tüklə kəndində torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rəsul Balağa oğlu Xanverdiyevin adını daşıyan bulağın açılışı olub. Mərasim iştirakçıları şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salıb, xatirəsini ehtiramla yad ediblər.
Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi Qələbə qazandı. Bu, Heydər Əliyev siyasətinin uzaqgörənliyi idi. Dahi Liderin vaxtilə siyasi varisi haqqında söylədiyi «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» sözləri həqiqətə çevrildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi buna sübut oldu. 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə, 44 gündə gerçəkləşdirdi.
Şəhid Rəsul Xanverdiyevin anası, Tüklə kəndinin sakini Təcibə İbadova övladına göstərilən bu etimada görə ölkə rəhbərinə, icra başçısına minnətdalıq edib:-Hər ana fəxr etməlidir ki, Vətən üçün övlad böyüydür, oğul da Vətənin dar günündə sinəsini sipər edir. Mən də oğlumla fəxr edirəm. Rəsul vətənpərvər oğul idi, yaxşı vətəndaş idi. Allah bütün şəhidlərimizə rəhmət etsin dedi.
Sonra doğulduğu kənddə şəhid Rəsul Xanverdiyevin adına inşa edilmiş bulağın açılışı olub.
Daha sonra anım mərasimində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, şəhid ailələri, müharibə veteranları, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri Tüklə kəndinin girişində şəhidlərin xatirəsinə yaradılmış kompleksi ziyarət edərək, önünə gül dəstələri qoyub, igid Vətən övladlarının xatirəsini yad ediblər.