Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin sentyabr konfransı

04 sentyabr 2015 | 15:00

04 sentyabr 2015-ci il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində müəllimlərin illik konfransı keçirilmişdir.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Konfransı giriş sözü ilə təhsil şöbəsinin müdiri Astan İbişov açdı. Azərbaycanın Dövlət Himni səsləndi. 3 nömrəli bağçanın uşaqları iştirakçıları salamlayıb onları yeni dərs ili münasibətilə təbrik etdilər.
Astan İbişov məruzə ilə çıxış edərək bildirdi ki, bu il Masallının təhsil işçiləri üçün son dərəcə əlamətdar və uğurlu oldu. 2014–2015-ci tədris ilində ali məktəblərə qəbul olunma səviyyəsi bir çox parametrlərinə görə bizi sevindirir. Müxtəlif ali tədric müəssisələrinə rayonumuzdan 321 məzun qəbul olunmuşdur ki, bu da keçən ilki göstəricidən 12 nəfər çoxdur! 64 məzunun universitetlərə 500-dən yuxarı balla qəbul olunması (keçən il bu rəqəm 50 idi) yaxşı göstəricidir. Bunlardan 21 nəfəri 600-dən yüksək bal toplayıb. Keçən il 12 nəfər idi. Həsənli məktəblisi Azad Cabbarov (690 bal), Qədirlidən Əlişah Eynallı (“Dəfinə” liseyi, 687 bal), Köçəkli məktəblisi Tabir Hüseynov (682 bal), musakücəli Azad Məmmədov (“Dəfinə”, 670 bal) kimi məzunların nailiyyəti Masallı təhsilinin uğurlu işindən xəbər verir. Bundan əlavə tam orta məktəblərdən 133 məzun, ümumi orta təhsil bazası üzrə isə 175 nəfər ixtisas məktəblərinə qəbul olunmuşdur.
Bütün bu müvəffəqiyyətlərə görə Masallı şəhər 1nömrəli, “Dəfinə” məktəb liseyi, Həsənli, Köçəkli, Masallı qəsəbə, Şərəfə, Qızılağac kənd 1 nömrəli, Ərkivan qəsəbə 2 nömrəli, Təzəkənd, Binə  Xocavar, Bala Kolatan, Türkoba, Kalinovka, Boradigah qəsəbə 2 nömrəli məktəb pedaqoji kollektivlərinin sevinməyə haqqı var.
Məktəblərimizdə 26493 şagirdin təlim-tərbiyəsi ilə 2735 müəllim məşğul olur. Dərs ilində bütün ümumtəhsil məktəblərində monitorinq aparılmış, fənn müəllimlərinin dərsləri dinlənilmiş və zəif nəticə göstərən müəllimlərin elmi-metodiki səviyyəsinin artırılması üçün məktəb rəhbərlərinə tövsiyələr verilmiş, bu nəticələr RTŞ yanında şurada müzakirə edilmişdir.
Məruzə ətrafında çıxışda şəhər 1 saylı tam orta məktəbinin direktoru, Əməkdar müəllim Mirqabil Hüseynov qeyd etdi ki, bu il yetirmələrindən 50-sinin ali, 14 nəfərinin kolleclərə qəbul olunması təhsilimizin uğuru, böyük dövlət qayğısının bariz təzahürüdür.
Banbaşı orta məktəbinin gənc müəllimi Yeganə Əliyeva, Həsənli tam orta məktəbinin məzunu Azad Cabbarov, “Dəfinə” liseyinin məzunu Əlişah Eynallı, Böyük Xocavar tam orta məktəbinin müəllimi Həlimə Əhmədova, Şərəfə tam orta məktəbinin məzunu Şəms İsazadə, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev konfransa ümumi arzu və istəklərini çatdırdılar. 
Təhsil nazirliyinin nümayəndəsi Elmir Həsənov Masallıda çalışan həmkarlarını yeni dərs ili münasibətilə təbrik edərək nazir Mikayıl Cabbarovun salamını məclis iştirakçılarına çatdırdı. Sözçü ölkədə təhsilin inkişafı istiqamətində görülən tədbirlər barədə geniş danışaraq tövsiyələrini bildirdi və “İlin ən yaxşı müəllimi” vəsiqəsini Ərkivan 3 nömrəli məktəbin pedaqoqu Dadaşbala Düniyevə təqdim etdi.
Masallı RİH başçısı Rafil Hüseynov rayon təhsilinin bir illik fəaliyyətinə münasibət bildirdi, bəzi məqamların təhlilini verdi. Rayon rəhbəri göstərdi ki, son on ildə mövcud 99 məktəbdən 47-si, o cümlədən son üç ildə 18-i təzələnmiş, təhsilin maddi-texniki bazası möhkəmlənmişdir. Bu da ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli təhsilə daha çox önəm verməsinin bəhrəsidir.
Daha sonra bir qrup təhsil işçisinə RİHB-nin və RTŞ-nin Fəxri fərmanları təqdim edildi. Azərbaycan Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.

Keçidlər