"28 may-Respublika Günü" ilə əlaqədar gənclərin iştirakı ilə onlayn görüş
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "28 may-Respublika Günü" ilə əlaqədar gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Tədbirdə Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov çıxışında qeyd etmişdir ki,Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Ölkəmizdə gedən ictimai-siyasi prosesləri təhlil edərkən biz Azərbaycan Xalq Cümhuriyyətinin əsl dəyərini, mahiyyətini və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə görürük. Hər bir xalqın özünün müstəqil dövlətinin olması çox önəmli məsələdir. 1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövr olubdur. Azərbaycan məhz bu dövrdə ilk dəfə olaraq dövlət suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışıbdır.
Tədbirdə Masallı rayon kubin kənd orta məktəbin tarix müəllimi Cavidan İmanov çıxışında qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir.Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.