«Səhiyyə uşaqların gözü ilə» rəsm sərgisi
31 may 2021-ci il tarixdə Masallı rayon Bioloji Təbabət klinikası Masallı Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə 1 İyun Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibətilə «Səhiyyə uşaqların gözü ilə» sərgisi təşkil edilmişdir.
Sərgidə Vətən şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edeilmişdir.
Sonra uşaqların çəkdikləri Vətən müharibəsi qəhrəmanları, koronavirusla mübarizədə iştirak edən həkimlərin portretləri, Şuşa şəhərinin və balaca fidanların əl işlərindən ibarət rəsmləri sərgilənmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iştirak etmiş, sərgidəki portretlərə baxmış, tövsiyələrini vermişdir. Rayon rəhbəri sərgidə çıxış edərək demişdir ki, əziz balalar, sizinlə bir yerdəyəm. 44 günlük müharibə bizə xoş anlar yaşatdı. Biz torpaqlarımızı azad etdik. Bu Qələbə xalqımızın birliyindən doğdu. Hamı bir yumruq kimi birləşərək düşməni torpaqlarımızdan qovmağa nail oldu. Ölkə Prezidenti cənab İlham Əliyev dəmir yumruqdan istifadə edərək, düşməni yerində otuzdurdu, torpaqlarımız düşmən tapdağından azad edildi. Mən deyərdim ki, bu şanlı Qələbədə siz həkimlərin də zəhməti böyükdür. Siz həm yaralıları müalicə etdiniz, həm də koronavirusla mübarizədə böyük səylə çalışdınız. Sizin zəhmətiniz olmasaydı, rayonumuzda bu gözəgörünməz virus daha çox adamları yoluxdurardı. Odur ki, Masallı respublikada koronavirusa az yoluxan rayonlar sırasındandır.
Rayon rəhbəri koronavirusla bağlı və bugünkü tədbirə görə klinikanın rəhbərliyinə təşəkkür bildirdi.
Məktəbli uşaqlardan Yusif Əzizli «Xudayar təsnifi»ni məharətlə ifa etdi.
Gülşən Şahbazova Xalq şairi Səməd Vurğunun «Şuşa», Nuray Hüseynli isə «Xarı bülbül» şeirlərini söylədilər.
Bioloji Təbabət klinikasının rəhbərliyi fərqlənən uşaqlara sertifikat, təşəkkürnamə və mükafatlar təqdim etdi.