“Qanlı Yanvar -23”
YAP Masallı rayon təşkilatının təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri 18 yanvar 2013-cü il tarixdə YAP Masallı rayon təşkilatında “Qanlı Yanvar -23”mövzusunda keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı aparatının rəhbəri Qəşəm Hadıyev açaraq 20 yanvar hadisələrinin mahiyyətindən danışmışdır. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur. Q.Hadıyev çıxışında qeyd etmişdir ki, xalqımızın həmin ağır günlərində, haqq səsinin heç yerə çatmadığı vaxtda ümummilli liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib bəyanət verərək qəti etirazını bildirdi, Qorbaçov siyasətinin iç üzünü açdı.
Hələ ulu öndər Heydər Əliyev 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri olarkən bu faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yaratdı. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabr ayının 21-də 20 yanvarın hüzn günü kimi qeyd olunması barədə qərar verdi.
Ulu öndər 20 yanvar faciəsinin günahkarlarının araşdırılması məsələsini daim diqqət mərkəzində saxlayırdı.
Sonra məruzə ilə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev çıxış edərək bildirdi ki, yanvar ayının 19-dan 20-nə keçən gecə tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.
Sonra gənc üzvlərdən Samir Əliyev çıxış edərək Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” kimi daxil olmuş, hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışdır.
Gənc YAP üzvü Günay Mührəliyeva çıxış edərək,Azərbaycan Xalqının ümumilli lideri Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayət törədənlərin adları ictimaiyyətə açıqlandı.
Sonra Zaur Ağayev,Namiq Miriyev,Sübhan Şiriyev,Araz Babayev və başqaları çıxış edərək milli azadlıq mübarizəsinin öncülləri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə örnək olan şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacaqlarını qeyd etmişlər.