Masallıda "Doğma yurdum Azərbaycan" adlı açıq hava sərgi-pleneri təşkil edilib.
İyun ayının 10-da Masallı Rayon Heydər Əliyev Mərkəzinin inzibati binası qarşısında istedadlı yeniyetmə və gənclərin açıq hava sərgi-pleneri baş tutub. 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən "Doğma yurdum Azərbaycan" adlı sərgidə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, hakim partiya funksionerləri, rayon rəsmiləri, mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə, şəhidlərimizin ruhu bir dəqiqəlik ehtiramla yad olunub. Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva sərgidə iştirak edən gənc rəssamları və tədbirin qonaqlarını salamlayaraq sərgini açıq elan edib. Sərgi-plenerdə rayon Onbirillik İncəsənət Məktəbi, rayon Rəsm Qalereyası və digər müəssisələrdə təhsil alan yeniyetmə və gənc rəssamların müxtəlif mövzu və üslublarda işlənmiş rəsm nümunələri, zövqlü əl işləri nümayiş etdirilib. Eyni zamanda sərginin plener hissəsində gənc firça sahiblərinin kətan üzərindəki rəsm prosesi böyük maraqla izlənilib. Daha sonra İncəsənət Məktəbinin şagirdi Yusif Əzizli və Mehdi Hüseynli muğam və şən musiqi nömrələri ifa ediblər.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi, Onbirillik İncəsənət Məktəbi və Rəsm Qalereyası kollektivlərinin birgə səyi ilə ərsəyə gətirilən sərgi tədbiri yeniyetmə və gənclərin vətənpərvərlik, dövlətə sədaqət və etimad ruhunda tərbiyə olunması, habelə onlarda bədii-estetik zövq və yaradıcı təfəkkürün inkişafına dəstək məqsədilə keçirilib.