Masallı Rayon Təhsil Şöbəsində növbəti onlayn müşavirə keçirilmişdir
Masallı Rayon Təhsil Şöbəsi məktəb direktorları, direktor müavinlərinin və fənn müəllimlərinin iştirakı ilə onlayn iclas keçirilmişdir.
İclasda 440 nəfər iştirak etmişdir. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclası giriş sözü ilə açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verdi ki, tədris ili sona çatır, buna baxmayaraq xüsusi karantin rejimi ilə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi məqsədilə 2021-ci ilin 16-30 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində “Yay məktəbləri” təşkil ediləcəkdir. Bununla bağlı rayon Təhsil Şöbələrinə Təhsil Nazirliyinin 07.06.2021-ci il tarixli 03-08-468/13 nömrəli təlimati məktubu daxil olmuşdur. “Yay məktəbi”ndə bütün ümumi təhsil məktəblərinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edəcəkdir. Tariyel Əkbərov qeyd etdi ki, bütün ümumi təhsil məktəbləri “Yay məktəbi”nin təşkil edilməsi üçün tədbirlər həyata keçirməlidir. “Yay məktəbi”nin təlimata uyğun təşkili üçün bütün məktəb direktorları məsuliyyət daşıyırlar.
T.Əkbərov onu da əlavə etdi ki, məktəblərdə şagirdlərin təhlükəsizliyi, xüsusilə qida təhlükəsizliyi qaydalarına riyayət edilməsinə nəzarət gücləndirilməlidir. Baş vermiş bütün xüsusi hallar haqqında rayon Təhsil Şöbəsi dərhal məlumatlandırılmalıdır.
Tariyel Əkbərov bildirdi ki, fənn müəllimlərinin fəaliyyətinə şagirdlərinin təlim nailiyyətlərinə əsasən qiymət veriləcək. Müəllimlərin fəaliyyəti bir neçə il üzrə qiymətləndiriləcək və qarşıdakı tədris ilində dərs bölgüsü zamanı bu qiymətləndirmə əsas götürüləcəkdir.
Masallı Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov "Yay məktəbi"nin təşkili ilə bağlı geniş məlumat vermişdir. O, bildirmişdir ki, şagirdlərimiz “Milli qiymətləndirmə”də TİMS platformasında virtual şəkildə iştirak edə bilərlər.
İclasın sonunda iclas iştirakçılarının sualları cavablandırılmışdır.