Qızılağac kəndində 528 yerlik yeni məktəb binası tikilir
Təhsil Nazirliyinin sifarişi ilə Masallı rayonunun Qızılağac kəndində şəhid Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbi üçün yeni üçmərtəbəli bina inşa olunur.
14 iyun 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Qızılağac kəndində hazırda tikintisi davam etdirilən məktəbdə görülən işlərlə yerində tanış olmuşdur.
Obyektin iş icraçısı Hafis Abdullayev aparılan tikinti işləri ilə icra başçısını tanış edərək bildirmişdir ki, üçmərtəbəli məktəb binası 528 şagird yerlik olmaqla müasir tələblərə cavab verəcək yeni binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılır. Təhsil ocağında müasir istilik sistemi, geniş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərəcəkdir.
Rayon rəhbəri yeni təhsil ocağını gəzdikdən sonra inşaatçılara işlərində uğurlar arzulayıb, işin sürətləndirilməsini tövsiyə edib.
Tikintinin cari ilin sentyabr ayına kimi təhvil verilməsi proqnozlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il, 11 avqust 2020-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
--