Masallı şəhərində yeni uşaq bağçası-körpələr evinin təməlqoyma mərasimi
15 may 2021-ci il tarixdə Masallı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 140 yerlik 4 nömrəli yeni körpələr evi-uşaq bağçasının təməli qoyulub.
Ara məsafəsi gözlənilməklə keçirilən təməlqoyma mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Soltan Məmmədov, Anar İsgəndərov və Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər, fəal məktəblilər, məktəbəqədər uşaq bağçasının rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Bağçanın təməlqoymasında çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. İcra başçısı bu günün əlamətdarlığını, tariximizdə əbədi yer tutduğunu və Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə Naxçıvandan Bakıya, mərkəzi hakimiyyətə gəlişini xatırladıb, bizə 44 günlük Qələbə sevincini yaşadan Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin nailiyyətlərini qeyd edib. Bildirib ki, bu işıqlı günü bizə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin ideyaları bəxş edib. -Masallıda olan bu xeyirxah təşəbbüslər, xeyirxah sahibkarların gördükləri işlər təqdirəlayiqdir. Bu gün bu yeni uşaq bağçasının təməlinin qoyulması həmin xeyirxah işlərin uğurlu davamı, təqdirediləsidir. Allah əvəzini birə min versin,-deyə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov növbəti dəfə ictimaiyyət qarşısında bu fikri səsləndirib.
Milli Məclisin deputatları Soltan Məmmədov, Məşhur Məmmədov, Anar İsgəndərov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova və bağqaları çıxış edib, bir daha yeni tikintiyə görə ölkə rəhbərinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Natiqlər bir daha qeyd ediblər ki, bu gün uşaqların keyfiyyətli təlim-tərbiyə və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindən biridir.
Sonra alqış sədaları altında 140 yerlik 4 nömrəli yeni körpələr evi-uşaq bağçasının təməli qoyuldu. Hamı bir ağızdan «Xeyirli olsun!» — dedilər.
Axırda alqışlarla qarşılanan balaca fidanlar Vətən, Ana, ölkə rəhbəri haqqında ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.