Boradigah qəsəbəsində şəhidlər abidəsinin açılışı olub
15 iyun 2021-ci il tarixdə Masallı rayonunun Boradigah qəsəbəsində, “Boradigah şəhidlər abidəsi” adlı Birinci Qarabağ və Vətən müharibəsi döyüşlərində şəhid olmuş qəsəbə oğullarının, Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və Mübariz İbrahimovun xatirəsinə inşa edilən abidənin açılışı mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım, şəhid ailələri və qazilərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, müharibə veteranları, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qəsəbə sakinləri və qonaqlar “Boradigah şəhidlər abidəsi”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla anıblar.
Ara məsafəsi gözlənilməklə tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində bildirib ki, hər birimiz üçün əziz və müqəddəs olan 15 iyun tarixi müasir Azərbaycanın milli müstəqilliyinin, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində çalxalanan Azərbaycanın xilas yolunu müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmaqla iqtisadi, siyasi, sosial inkişafın keyfiyyətcə yeni mərhələsi başlanıb. Hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin əbədi qarantı kimi həm də iqtisadi inkişafımızın strategiyasını müəyyənləşdirən Heydər Əliyev qətiyyəti sayəsində Azərbaycan yenidən dirçəlib, bəlkə də heç bir liderin, dövlət başçısının yerinə yetirə bilmədiyi bir missiyanı reallaşdıran Dahi Heydər Əliyev “Əsrin müqaviləsi” kimi əfsanəvi bir kontraktın imzalanmasını gerçəkləşdirməklə tarixi şəxsiyyət kimi tanınıb. Elə 44 günlük Vətən müharibəsi də Ulu Öndərin vəsiyyətlərinin, onun syasi varisi, Azərbaycan Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin xalq üçün etdiyi, yaratdığı yeni tarixdir.
Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanım şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıb. Vətən müharibəsinə gedən yol məhz Polad Həşimov kimi oğulların şəhidliyindən keçirdi. Qəhrəman döyüşçülərimiz kəndləri, şəhərləri, qəsəbələri bir-birinin ardınca azad etdikcə, düşmənləri məhv etdikcə, şəhidlərimizin intiqamını qat-qat artıqlaması ilə aldıqca qələbəyə daha da yaxınlaşırdılar. Döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikanın üzərinə Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov adları ilə yanaşı, general Polad Həşimovun da adını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi...
Şəhid generalın anası Səməayə xanım Boradigahda oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib. Əlbəttə, Səmayə ananın qəsəbəyə qonaq gəlməsi təsadüfi hal deyil. “Boradigah şəhidlər abidəsi”nin solunda onun oğlu, general Poladın ayaqüstü portreti canlanıb. Ana Qəhrəman oğlunun həmin rəsminə baxaraq, köks ötürdü…
Abidənin sağ tərəfində isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ayaqüstə portreti, ortada isə qəsəbənin Birinci Qarabağ və Vətən müharibəsində şəhid olan 10 nəfər övladının portreti həkk olunmuşdur.
Sonra Vətən müharibəsi şəhidi İbrahim Rükabzadənin əmisi Gülhüseyn Talıbov çıxış edərək bildirib ki,
İbrahim sgərliyini Goranboy rayonunun Aşağı Ağcakəndinin “N” saylı hərbi hissəsində davam etdirdi. 2019-cu il iyun ayının 2-də Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır. Ötən ilin 27 sentyabrda başlanan müharibədə iştirak etmişdir. O, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı və Xocavəndin alınmasındada iştirak etmişdir. 21 oktyabr Xocavənd rayonunda şəhid olur. Oktyabr ayının 23-ü şəhid Boradigah qəsəbəsində böyük izdihamla dəfn edilmişdir.
Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.
Qeyd etmək yerinə düşər ki, “Boradigah şəhidlər abidəsi”ni qəsəbə tam orta məktəbini 2001-ci ildə bitirən məzunları hazırlamışlar.
Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyiblər.