Masallının icra başçısı Göyəçöl kənd uşaq bağçasında olub
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə uşaq və yeniyetmələrlə bağlı həyata keçirdiyi dövlət siyasəti uğurla icra olunur.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsi isə son illər respublikamızın bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşasıdır. Əlbəttə, bu siyahıda Masallı, masalılılı xeyirxah sahibkarlar birincilər sırasındadır. Tikilib istifadəyə verilən və hazırda tikintisi davam etdirilən uşaq bağçaları ilbəil çoxalır. Rayonda mövcud olan körpələr evi-uşaq bağçasının müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir.
2019-cu ildə şəhərimizin mərkəzində, Kolatan və Sərçuvar kəndlərində yeni uşaq bağçaları tikilib istifadəyə verilib.
Masallı şəhər 1 nömrəli və Səmidxanda da yeni inşa olunan və əsaslı təmir olunan müasir uşaq bağçaları tam hazırdır. Keçən ay Ərkivan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimi keçirilib.
Lap bu günlərdə, mayın 15-də şəhər 4 nömrəli bağçanın bünövrəsi qoyuldu. Rayonun digər iki kəndində-Yeddioymaq və Köçəklidə də yeni uşaq bağçalarının bünövrəsi qoyulacaqdır. Hazırda Masallıda 17 uşaq bağçası fəaliyyət göstərir. Bağça tikintisi təşəbbüslərində Milli Məclisin deputatı Məşhur Məmmədovun, sahibkar Qalib Məmmədov, Sücayət Qasımov, Heydər Əliyev Fondunun gənc təmsilçiləri Məntiq Məmmədov və Mədinə Şahbazova və başqaları respublikada nümunə olacaq əsl vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Təqdirəlayiq haldır ki, rayonda uşaqlara göstərilən diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi diqqətlə yanaşılır.
Bu gün, 17 iyun 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Göyəçöl kənd şəhid Elşad İsayev adına körpələr evi-uşaq bağçasında olub, onlara yaradılan şəraitlə, uşaqların davamiyyəti, ərzaq təminatının mövcud vəziyyətinə baxış keçirib. Qeyd olunub ki, kənd bağçasında 40 uşaq tərbiyə alır.
Körpə fidanların bir-birindən maraqlı şeir və mahnılarını dinləyən icra başçısı onlara uğurlar arzulayıb.
Bağça müdiri Aşura Həsənova və tərbiyəçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər.