Masallıda Prokurorluğun peşə bayramı qeyd edildi
Azərbaycan Prokurorluğunun 97-ci ildönümü ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymaqla başlandı.
Heydər Əliyev Mərkəzində davam edən təntənəli yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açdı, prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik etdi. Natiq bu gün sivil-dünyəvi bir quruma çevrilmiş, dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayan Azərbaycan Prokurorluğunun şərəfli inkişaf tarixinə nəzər saldı. Heydər Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğıdan danışan rayon rəhbəri ulu öndərin dövlətçilik iradəsilə gerçəkləşən bu reallığın respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
RİH başçısı son illər bu sahədə daha ciddi işlər görüldüyünü vurğuladı. Dedi ki, rayon prokurorunun ərazilərdə keçirilən qəbullarda iştirakı hər kəsin qanun qarşısında hüquq bərabərliyinə, fiziki və hüquqi şəxslərin hüquq və azadlığına əməl və hörmət edilməsinə şərait yaradan amillərdən biridir.
Rayon prokuroru Fikrət Əsgərov aparılan islahatların müsbət təsirindən, o cümlədən bu sahədə kadr və peşəkarlıq səviyyəsinin güclənməsi, maddi-texniki bazanın möhkəmlənməsi və s.-dən bəhs etdi.
Rayon məhkəməsinin sədri Hilal Xəlilov bildirdi ki, prokurorluq orqanlarının fəaliyyəti müstəqillik dövründə yeni məzmunda formalaşmış, məhkəmə-hüquq islahatlatları ilə paralel, əlaqəli şəkildə dövlətçilik ideyalarına xidmət etmişdir.
Polis şöbəsinin rəisi, polis polkovniki Nəriman İmanov ötən dövr ərzində sabitliyin, ictimai asayişin qorunması istiqamətində görülən tədbirlərdə birgə əməkdaşlığın müsbət nəticələrindən danışdı.
RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm İbrahimov prokurorluq işçilərinə bayram təbrikini səsləndirdi.
Tədbiri yekunlaşdıran RİH başçısı Rafil Hüseynov bu çətin və şərəfli peşə sahiblərinə uğurlar arzuladı, rayon prokuroru Fikrət Ələkbər oğlu Əsgərovu “Prokurorluğun fəxri işçisi” adına layiq görülməsi münasibətilə təbrik etdi.