Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Silahlı Qüvvələr Günü ilə əlaqədar musiqili kompozisiya təqdim edilib.

25 iyun 2021 | 16:00

Masallı Rayon Mədəniyyət Mərkəzinin sənət kollektivi və Masallı Dövlət Regional Kolleci tələbələrinin birgə iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə onlayn musiqili kompozisiya təqdim edilib.

Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev tarixi gün münasibətilə xalqımızı, ölkə rəhbərliyini, eləcə də Qarabağ uğrundakı döyüşlərdə qazanılmış tarixi Zəfərlə xalqımıza sevinc və qürur hissləri yaşadan, dövlət və xalqımızın güvən yeri milli ordumuzun əsgər və zabit heyətini təbrik edib. Sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

Sonra teatr və kollecin tələbələrinin birgə səhnə tərəfdaşlığı ilə “Ordun varsa, yurdun var!” adlı teatr kompozisiyası oynanılıb. Tamaşa vətənin müdafiəsinə hazırlaşan gəncin və valideynlərinin vətənə olan dərin sevgi və sədaqət duyğuları aktyorların məharətli səhnə ifaları ilə izləyicilərə çatdırılıb. Daha sonra kompozisiyanın musiqili-bədii hissəsinə start verilib.

Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Atamoğlan Zahid, Ruslan Zahidov və Şamo İbayev vətənpərvərlik mövzulu musiqilər ifa ediblər. Tədbirdə “Həcər” folklor ansamblının səsləndirdiyi xalq mahnıları maraqla qarşılanıb. Eyni zamanda, Masallı Şəhər Onbirillik Incəsənət Məktəbinin şagirdi Yusif Əzizlinin çıxışı, duet şəklində ifa olunan “Vətən yaxşıdır” musiqi kompozisiyası xüsusi ilə təsirli alınıb. Onlayn tədbirdə tələbələrin və məktəblilərin ifasında şeir parçalarına da yer verilib. Sənətçiləri Mərkəzin instrumental ansamblı müşayiət edib.

Kompozisiya C. Əliyev, Aybəniz Həsənova, Elsevər Əliyev, kollec tələbələri, məktəblilər və digərlərinin birgə əməyi ilə hazırlanıb. Tədbir sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim edilib.

Keçidlər