“Ağ Xalatlı Qəhrəmanlar”
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Ağ Xalatlı Qəhrəmanlar” mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin dekorativ əl işləri dərnəyinin rəhbəri Qumral Rzalı çıxış edərək bildirmişdir ki,Bizim Ağ xalatlı qəhrəmanlarımız iki müharibədə savaşdı. Həm (COVİD 19) həmdə Vətən müharibəsində öz peşələrini layiqincə yerinə yetirdilər.Və bu zaman onlar öz həyatlarından keçdilər.Buna görə biz onlara Ağ Xalatlı Qəhrəmanlar deyirik.Həkimlərimiz təkcə Hippokrat adına deyil, həmdə Vətənə olan sədaqət adına sadiq qaldılar.Ağ xalatlı qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm, Allah bütün şəhidlərimizi rəhmət eləsin.
Tədbirdə Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova çıxış edərək bildirmişdir ki, Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər və tibbi personaldır. Koronavirusun yayıldığı ilk günlərdə insanlarımızın köməyinə gələn, onları bu bəladan xilas etməyə çalışan, ayaq üstə gecə-gündüz işləyən, hava keçirməyən, kamuflyaj geyimdə, nəfəs almaq çətin olan maskada, eynəkdə, ikiqat əlcəklərdə fədakarlıq edən ağ xalatlı qəhrəmanlarımız olan həkimlərin gördüyü iş həqiqətən də təqdirə layiqdir. Heç nədən şikayət etməyən, yorulsa belə hiss etdirməyən, üzündə həmişə təbəssüm olan, heç zaman insanlardan köməyini əsirgəməyən həkimlərimizin əməyi hər zaman xatırlanacaqdır.
Daha sonra Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolad çıxış edərək qeyd etmişdir ki,2020-ci il tariximizin xüsusilə çətin, mürəkkəb və məsuliyyətli bir dövrünə təsadüf etdi. Azərbaycan eyni vaxtda iki düşmənə qarşı savaşdı. Bu savaşda əsgər və zabitlərimiz kimi həkimlərimiz, ümumən tibb işçilərimiz də tarix yazdılar. Yaralılarımızın həyatda qalması üçün ən ağır şəraitdə, güllə, mərmi yağışı altında peşə borclarını yerinə yetirdilər, xəstəxanalarda gecə-gündüz bilmədən çalışan bu insanların fədakarlığı 44 günlük Vətən müharibəsinin şanlı səhifələrinə çevrildi. Bu qəhrəmanlıq nümunəsi ilə hər zaman qürur duyacağıq.Sevgi dolu cəsur ürəkli belə qəhrəmanlarımızın sayı minlərlədir.Tibb sahəsində çalışanların böyük bir qismi bu gün dünyanı çənginə almış koronavirus pandemiyasından insanlarımızı qorumaq üçün fədakarlıqlar göstərirlər və həkimlərimiz öz missiyalarını yenə də davam etdirməkdədirlər.