Masallıda Ahıllar günü qeyd edildi
Ailə, Qadın və Uşaq Poroblemləri üzrə Dövlət Komitəsi tərəfindən Masallıda keçirilən növbəti tədbir “Beynəlxalq ahıllar günü”nə həsr olundu. “Bizim gücümüz birliyimizdədir” adlı tədbir oktyabrın 1-də Gənclər Mərkəzində düzənləndi. Tədbirdən öncə ahıllar evlərində ziyarət edildi. Ailədə qarşılıqlı münasibətlər, ahıl və yaşlılara göstərilən xidmət barədə film nümayiş etdirildi.
Tədbiri açan RİH başçısının müavini Gülşən Xəlilova ahıllara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduğu mövqedən geniş danışdı. Vaxtilə həyatın ağırlığını çiynində aparmış, cəmiyyətin fəal qüvvəsi olmuş, ayrı-ayrı vəzifələrdə işləyən belə insanların indi də məsləhətinə böyük ehtiyac olduğunu bildirən sözçü dedi:–Qocaların sərvəti onların məsləhətidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Gücümüz birliyimizdədır” fikrini əsas götürüb hər bir qadını bu aksiyada fəal iştirak etməyə çağırdı. Bu birliklə ailədə zorakılığı, erkən nikahları və digər problemləri aradan qaldırmağın mümkünlüyünü söyləyən natiq Masallıda bu istiqamətdə görülən işləri təqdir etdi.
ƏSMM-nin direktoru A.Hüseynov, rayon ziyalılar cəmiyyətinin sədri Q.Fətullayev, maliyyə idarəsinin işçisi Z.Əliyev, YAP rayon gənclər təşkilatının nümayəndəsi K.Məmmədzadə yaşlı əhaliyə dövlət qayğısından, bu istiqamətdə rayonda keçirilən konkret tədbirlərin əhəmiyyətindən danışdı.
Ahıl qadınlara bayram sovqatı verildi.
Həmçinin Masallı rayonunun müxtəlif kəndlərində yaşayan ahıllar Musayeva Cəmilə Əli qizi, Abbasova Qalina Nikolayevna və Bağırova Ayna İsgəndər qızı Komitə və İH-nin nümayəndələri tərəfindən evlərində ziyarət olunub, onların problemləri və istəkləri dinlənilib.