Masallı Regional Mədəniyyət İdarəsində onlayn iclas keçirib.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov İdarənin tabeliyində olan mərkəzi mədəniyyət müəssisələrinin rəhbərləri ilə iclas keçirib. Videokonfrans formatında keçirilmiş iclasda gündəlikdə duran bir sıra vacib məsələlər müzakirə olunub.
İdarə rəisi müəssisə rəhbərlərini salamlayıb, sonra iclasın gündəliyi və müzakirə ediləcək məsələlər barədə iştirakçılara məlumat verib.
B. Qılıncov əvvəlcə mədəniyyət müəssisələrində sosial media platformalarında işin təşkili ilə bağlı mövcud olan problemlərdən danışıb, bu sahədə fəaliyyətlərin əhəmiyyətindən bəhs edib. Rəis sonra İdarə üzrə sosial media istifadəçilərinin sayı, aktivlik səviyyəsi, dərc edilən materialların keyfiyyəti və həcmi barədə statistik göstəriciləri açıqlayıb. O, eyni zamanda müəssisələrdə hazırlanan videoçarxlarda müşahidə edilən texniki və məzmun qüsurları haqda danışıb, problemlərin həllinə dair təkliflər irəli sürüb, videomateriallarda keyfiyyətin yüksəldilməsi və digər vacib amillərlə bağlı meyarlar müəyyən edib.
İdarə rəisi müəssisələrdə nizam-intizam məsələlərinə də toxunub, müvafiq qaydalara riayət olunmasının vacibliyini rəhbərlərin nəzərinə çatdırıb. Rəis zəruri təmir-bərpa, eləcə də abadlıq işlərinin görülməsinə ehtiyac duyulan müəssisələrdə vaxtaşırı iməciliklərin, təmizlik aksiyalarının keçirilməsi barədə fikirlərini səsləndirib. B. Qılıncov iclasda "Nizami Gəncəvi İli" çərçivəsində görülmüş işlərə də münasibət bildirib. Rəis bu istiqamətdəki gələcək tədbirlərin formatı, tanınmış yerli ədiblər, ictimai xadimlərin tədbirlərə cəlb olunmasının zəruriliyi haqda söz açıb. Rəis Silahlı Qüvvələr Günü, gənclərin asudə vaxtının səmərəli təşkili üzrə, eləcə də narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbirlərin təşkil olunmasını da vacib hesab edib, həmçinin keçiriləcək tədbirlərlə bağlı müvafiq hesabatların tərtib ediləcəyini deyib. İdarə rəisi aidiyyəti strukturla birgə yaxın gələcəkdə uşaq musiqi və incəsənət məktəblərində ustad dərslərinə başlanılacağını, lakin məsələ ilə bağlı hələlik müzakirələrin aparıldığını bildirib.
Sual doğuran məsələlərə aydınlıq gətirilməsi, müzakirə olunan mövzular üzrə tapşırıqların verilməsindən sonra onlayn iclasa yekun vurulub.